
Virus bakteriyadan nə ilə fərqlənir?
Viruslar və bakteriyalar həmişə insanı əhatə edir, lakin onların hamısı təhlükə yaratmır. Bu mikroorqanizmlərin bir-birindən nə ilə fərqləndiyini və onların yaratdığı xəstəliklərlə necə mübarizə aparmağın mümkün olduğunu izah edirik.
Viruslar və bakteriyalar həmişə insanı əhatə edir, lakin onların hamısı təhlükə yaratmır. İnsanın dərisi və selikli qişaları steril deyil, onların üzərində müxtəlif mikroorqanizmlər (bakteriyalar, göbələklər, viruslar) mövcuddur — faydalı, zərərli və müəyyən şəraitdə xəstəliyə səbəb ola bilənlər.
Tibbi təhsili olmayan insan üçün virus xəstəliklərini bakterial infeksiyadan ayırd etmək çox çətindir. Tənəffüs yollarına düşən viruslar çox zaman soyuqdəymə yaradır, lakin başqa hallar da olur — tənəffüs yolu infeksiyasının ilkin səbəbi bakteriyalar olduğu vaxt. Bəzən isə orqanizm virus infeksiyası ilə zəiflədikdə tənəffüs yollarında məskunlaşan bakteriyalar fəallaşaraq soyuqdəymənin ağırlaşmalarına (məsələn, otit, haymorit, bronxit) səbəb ola bilər.
Səbəbi viruslar və ya bakteriyalar olan xəstəliklərə qarşı durmaq üçün onlar haqqında məlumat əldə etmək və onlarla necə mübarizə aparmağın mümkün olduğunu anlamaq faydalı olar.
Viruslar
Viruslar — böyüklüyü nanometrlərlə ölçülən kiçik canlı orqanizmlərdir. Onların hüceyrə quruluşu yoxdur, adətən yalnız DNT və ya RNT molekullarından ibarətdir, bəzən tərkiblərində lipidlər və polisaxaridlər də olur. Viruslar hüceyrədaxili parazitlərdir və yalnız canlı hüceyrələrdə çoxalır; hüceyrədən kənarda virusların çoxalması baş vermir. Bir hüceyrənin daxilində çoxalan viruslar sürətlə digər hüceyrələrə hücum edərək onlara zədələyici təsir göstərir.
Virus insan orqanizminə tənəffüs edilən hava ilə (soyuqdəymə və qripin əksər hallarında olduğu kimi hava-damcı yolu ilə), mədə-bağırsaq traktı vasitəsilə (məsələn, çirkli su ilə) və ya birbaşa qana (inyeksiyalar və ya qan köçürmə zamanı) daxil ola bilər.
Məhz viruslar soyuqdəymə xəstəliklərinin, o cümlədən qripin böyük hissəsinə səbəb olur. Virus xəstəliklərinin müalicəsində antivirus dərman preparatları, simptomatik terapiya, həmçinin soyuqdəymə xəstəlikləri ilə mübarizə üçün immuniteti gücləndirməyə kömək edən immunostimuləedici preparatlar tətbiq olunur.
Bakteriyalar
Bakteriyalar — əsasən birhüceyrəli olan böyük mikroorqanizmlər qrupudur. Viruslardan fərqli olaraq onlar əsl hüceyrədir və müstəqil şəkildə çoxala bilir. Müəyyən bakteriyalar bağırsağın, tənəffüs yollarının və bəzi digər orqanların normal mikroflorasını təşkil edir. Belə bakteriyalar faydalı sayılır; yerli immunitetin və həzmin formalaşması və işinin saxlanılmasında mühüm rol oynayır, xəstəlik törədən mikroorqanizmlərin çoxalmasına maneə olur.
Bakterial floranın faydalı və zərərli nümayəndələri arasında tarazlıq pozulduqda və sonuncular üstünlük təşkil etdikdə bakterial təbiətli infeksion xəstəliklərin inkişafı mümkündür. Bakteriyalar həm müstəqil xəstəliklərin, həm də soyuqdəymə və qripin sinusit, bronxit, otit, pnevmoniya kimi ağırlaşmalarının səbəbi ola bilər.
Bakterial infeksiyanın müalicəsində həkimlər çox vaxt patogen bakteriyaları məqsədyönlü şəkildə məhv edən antibiotiklər təyin edir. Lakin orqanizmi viruslardan və bakteriyalardan qoruyan əsas müdafiəçi immunitetdir. Bəzən orqanizmin immun qüvvələri virus və ya bakterial infeksiyaya qarşı durmaq üçün kifayət etməyə bilər. Belə hallar üçün immuniteti aktiv vəziyyətdə saxlamağa və patogenlərə — viruslara və bakteriyalara qarşı mübarizə aparmağa kömək edən dərmanlar mövcuddur.
Bronxomunal ilə immuniteti dəstəkləyin





